Müasir arxitekturanın tələblərinə tam cavab verən şüşə paketlər binaların şüşələnməsində geniş istifadə olunur.
Şüşə paket- içərisi hava və ya qazla doldurulmuş və bir-birinə məsafəli (distansion) çərçivələrlə yapışdırılmış iki şüşədən ibarət bağlı germetik kameradır. Belə konstruksiyanın əsas üstünlüyü – hava və ya qazın istilik izolyasiyası xassəsindən istifadə edərək, şüşələnmiş sahədən itirilən istiliyin (Ug-istilik ötürmə əmsalının) miqdarının azaldılmasıdır. Şüşələnmədə istilik izolyasiyasının ilk üsulu içərisinə hava vurulmuş iki şüşədən ibarət bir kameralı şüşə paketlərin hazırlanması oldu. Belə ki, havanın istilikkeçirmə əmsalı 0,025 Vt ⁄ m2k (10°C-də) olduğundan bu aralıqdakı hava istilikizolyasiyasını müəyyən qədər yaxşılaşdırır və istilikötürmə əmsalının Ug miqdarını azaldır.
Şüşə paketlərdə şüşələrin səthləri xaricdən daxilə dogru 1-4 qədər işarələnir. Müasir arxitekturada şuşə öz ecazkarlıgı və fantaziyasına görə tikinti materiallar sırasında bir nömrəli materiala çevrilmişdir. Bina və obyektlərdə şüşələmə demək olar ki, maksimum həddə çatmışdır. Bu zaman arxitekturada xüsusi ilə fasadların şüşələnməsi zamanı çoxlu faktorlar nəzərə alınmalıdır;
-
günəşdən müdafiə
-
istilik izolyasiyası, enerjinin qorunması
-
səs izolyasiyası
-
işıqlandırma
-
təhlükəsizlik
Bu gün artıq Glass-House əldə etdiyi müasir Avropa avadanlıqların və təcrübəli personalın köməyi ilə, yüksək keyfiyyətli dünya standartlarına uyğun məhz bu funksiyaları özündə birləşdirən müxtəlif növ şüşə paketlər hazırlayır.
Şüşə paketlərin ölçüləri: min. 190 mm x 350mm,maks. 2700mm x 4000mm
Şüşə paketlərin qalınlığı: 12mm-dən 60mm-ə qədər
Şüşələrin qalınlığı: 3mm-dən 15mm-ə qədər
Məsafəli çərçivələrin eni: 6mm-dən 24mm-ə qədər
İstilik enerjisinin qorunub saxlanılması əsas faktorlardan biri oldugu üçün enerjiqoruyucu şüşə paketlər ən əsas sahələrdən biridir.
Enerjiqoruyucu şüşə paketlər Örtüklü şüşələrin texnologiyasındakı yeniliklər istilik izolyasiyasının gücləndirilməsində növbəti bir addım oldu. Şüşələrin üzərinə müxtəlif metal örtüklər çəkilməsi nəticəsində daha yüksək effektli enerjiqoruyucu şüşələr əldə edilmişdir. Belə şüşələr, eyni zamanda “aşağıemissiyalı”, “istilikizolyasiyalı”, və ya “LOW-E” kimi adlandırılır. Aşagıemissiyalı şüşələrdə örtük adətən şüşəpaketlərdə poz.3-də yerləşdirilir. Əgər poz.2-də yerləşdirilərsə bu istilik izolyasiyasının keyfiyyətinə təsir etməz , yalnız işıgın əksolunmasına və eləcədə şüşələnmiş sahənin görüntüsünə təsir edər.
Binanın daxilində qızdırıcılar və eləcədə qızmış bütün əşyalar lR-infraqırmızı uzun dalğalar formasında istilik şüalandırır (2500 nm). Aşagıemissiyalı Low-E örtüklü şüşələr bu növ şüaları buraxmadığından şüalar udulur, nəticədə şüşə qızaraq yenidən istiliyi daxilə şüalandırır. Adi(örtüksüz) şüşə isə istilik şüalarını əsasən soyuq tərəfə şüalandıracaq, yəni qışda küçəyə tərəf, bu da enerji itkisi deməkdir.
Yəni, emissivitet 0,2 o deməkdir ki, 80% istilik seli örtük vasitəsi ilə saxlanılır və geriyə binanın daxilinə ötürülür. En-normal emissivitetin ölçmə üsulu EN 12898 standartı vasitəsi ilə müəyyən edlir. Adi şüşənin normal emissiviteti – 0,89, bərk örtüklü (K-şüşə) şuşələrin emissiviteti- 0.3 – 0.15, yumuşaq örtüklü(İ-şüşə) isə- 0.1- 0.02 diapazonunda yerləşir.
Sadə şüşə paket Enerjiqoruyucu şüşə paket
İstilik izolyasiyasını gücləndirməkdən ötəri enerjiqoruycu şüşə paketlərin arasına havadan həcmcə daha agır olan, bununla da konveksiyanı daha da zəiflədən təsirsiz qazlar vurulur. Təsirsiz qazlar zəif istilikötürmə əmsalına malikdir. Ug = 0,2 ÷ 03( Vt)⁄(m^2 k) və əsasən örtüklü şüşə ilə hazırlanmış günəşqoruyucu şüşəpaketlərdən istifadə olunur. Praktikada əsasən arqon qazından və çox az hallarda isə kriptondan istifadə olunur. Şüşələrin aşagıemissiya xassəsi uzundalğalı – lR infraqırmızı şüalara bağlıdır və demək olar ki, günəş şüalarına təsir etmir. Beləliklə, enerjiqoruyucu şüşə paketlərdən istifadə etməklə, istilik izolyasiyasını gücləndiririk və eyni zamanda günəş enerjisinin daxil olunmasını yüksək səviyyədə saxlaya bilirik.
Günəşqoruyucu şüşə paketlər Günəşqoruyucu şüşə paketlər əsasən möhkəm ortuklü (K-şüşə) reflekt şüşələrdən hazırlanır. Rəng və qalınlığından asılı olaraq, günəş faktoru 40%-dən 80%-ə qədər dəyişə bilir.
Belə şüşələr şüşə paketlərdə 1 və ya 2 pozisiyalarda istifadə olunur. Yəni əgər şüşə paketlərini pozisiyalara bölsək 1,2,3,4 bu zaman örtüklü səth şüşə paketin həm xaricində, həm də paketin daxili tərəfində qoyula bilər. Əgər reflekt şüşənin örtük səthi paketin xarici tərəfində (poz. 1) qoyularsa bu zaman küçədən baxdıqda rəngsiz güzgülü şüşə görüntüsü alınar, örtük səth paketin daxili tərəfinə (poz. 2) qoyularsa bu zaman isə küçə tərəfdən baxdıqda rəngli güzgülü effekti alınacaqdır.
Çoxfunksiyalı şüşə paketlər İstehsalatın köməyi ilə əldə edilmiş şüşə məhsullarından müxtəlif növ kombinasiyalar qurmaqla, eyni zamanda bir neçə funksiyaları özündə əks etdirə bilən şüşə paketlər hazırlanır. Aşagıda kombinasiyalardan bir neçəsi göstərilmişdir. İstilik izolyasiyasının gücləndirilməsi + günəşdən müdafiə Bir sıra günəşqoruyucu şüşələr çoxfunksiyalıdır və eyni zamanda aşagıemissiya xassəsinə (istilik izolyasiyasını gücləndirmə) malikdir. Əks halda hər iki xassəli şüşələrdən istifadə olunur.
İstilik izolyasiyası +günəşdən müdafiə+səsizolyasiyası. Səs izolyasiyasını gücləndirməyin effektiv həlli sırası: (mövcud tələblərdən asılı olaraq);
-
asimmetrik şüşə paketlər (iki müxtəlif qalınlıqlı şüşələrdən ibarət)
-
bir və ya hər iki tərəfi çoxlaylı PVB filmli laminat şüşələrdən ibarət şüşə paket
-
bir və ya hər iki tərəfi çoxlaylı səsboğucu PVB filmli şüşələrdən ibarət şüşə paket